HAQQINDA

          Son onillikdə ümummilli liderimizin siyasətini uğurla davam və inkişaf etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev zəngin dövlətçilik və idarəetmə bacariğini nümayiş etdirərək ölkəmizin sürətli sosial-iqtisadi inkişafı, dünya iqtisadiyyatına fəal şəkildə inteqrasiyası ilə yanaşı ətraf mühitin mühafizəsi kimi tədbirlərə xüsusi önəm vermişdir. Azərbaycanda təbiətin mühafizəsi sahəsində dövlətimiz tərəfindən çox ciddi tədbirlər həyata keçirilərək, ekoloji, o cümlədən bioloji müxtəliflik problemləri həlli vacib olan prioritetlər kimi müəyyən edilmiş və bu sahədə ciddi səylər göstərilərək, strateji proqramlar uğurla icra olunmuşdur.

 Azərbaycan istər təbii sərvətləri, istərsə də bioloji müxtəliflik nöqteyi-nəzərindən Qafqazın ən zəngin bölgələrindən biridir. Azərbaycanda fauna və flora aləminin növ müxtəlifliyi və yüksək dərəcəli endemizmi hər şeydən əvvəl bu ərazidə rast gəlinən bitki və heyvanat aləminin ekoloji şəraitinin çox müxtəlif olması və müxtəlif dövrlərdə tarixi təkamülü ilə əlaqədardır. Tariximizin səhifələrini vərəqlədikdə hələ yaxın keçmişdə respublikamızın bitki və heyvanat aləminin olduqca zəngin olmasını, lakin qeyri-rasional istifadə və idarəetmə nəticəsində onun sürətlə deqradasiyaya uğradığını,  müxtəlif təbii və ya insan faktorunun təsiri nəticəsində bir sıra bitki və heyvan növlərinin nəslinin kəsilərək adlarının təbiətimizdən silindiyinin şahidi oluruq. Belə ki, insanların əməli fəaliyyəti nəticəsində son 60-70 il ərzində bir çox qiymətli ağac cinslərindən (Quercus macranthera, Acer trautvetterii, Betula pendula, B.litvinovii, Paeonia mlokosewitschii, Laurocerasus officinalis və s.) ibarət olan meşələrin sahəsi xeyli azalmışdır. Həmçinin XX əsrin ortalarından etibarən bioloji müxtəlifliyə və ekosistemlərə təhlükə törədən mənfi amillərin sayının kəskin artması, insan fəaliyyəti nəticəsində bir zamanlar Azərbaycan ərazisində geniş rast gəlinən turan pələnginin nəsli tamamilə kəsilmiş və talış qırqovulu artıq yabanı təbiətdə məhv olmuş növə çevrilmişdir.

       Belə bir şəraitdə canlı həyatımızın vacib elementini təşkil edən ətraf mühitin və ekosistemin qorunması, bioloji müxtəlifliyin mühafizəsi, tükənməsinin dayandırılması və təbii bərpasının təşkil olunması sahəsində dövlətin mütəşəkkil müdaxiləsi olmadan  davamlı nəticələrin əldə olunması qeyri-mümkündür.

Azərbaycan müstəqillik qazandıqdan sonra ətraf mühitin və ekologiyanın mühafizəsi sahəsində dövlət siyasəti məhz Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə formalaşmağa başlamış, bu sahədə müsbət nəticələr və dinamika izlənilməkdədir. 

Azərbaycan Respublikası Prezidentinin bilavasitə diqqəti və nəzarəti altında xüsusi mühafizə olunan təbiət əraziləri sisteminin müasir tələblərə uyğun olması istiqamətində (bütün vacib ekosistemlərin və əsas növlərin qorunması, dəhlizlərin və mühafizə zonalarının yaradılması) bir sıra davamlı tədbirlər həyata keçirilmiş, onların ərazisi təqribən 10 illik qısa zaman tarixi ərzində 478 000 hektardan (14 dövlət təbiət qoruğu və 20 dövlət təbiət yasaqlığı) 894 min hektaradək (9 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı) artırılaraq, ölkə ərazisinin 10,3 %-nə çatdırılmışdır.

        Yaradılan xüsusi mühafizə olunan təbiət ərazilərinin əksəriyyəti Qırmızı Kitaba düşən fauna və flora növləri ilə məskunlaşmışdır və məhz əsas amillərdən biri kimi bu götürülərək həmin ərazilər konservasiya altına alınmışdır.

Hal-hazırda yaşayış ərazilərinin qazlaşdırılması, bərpa olunan enerji mənbələrindən istifadə ağacların oduncaq məqsədilə kəsilməsini əhəmiyyətli dərəcədə azaltmışdır. Həyata keçirilən məqsədyönlü tədbirlər və aparılan intensiv meşəsalma işləri nəticəsində meşələrin azalma tendensiyasının qarşısını almaq mümkün olmuş və Azərbaycanın meşə fondunun 0,4% artması qeydə alınmışdır.

Qeyd olunanlar Ölkə Prezidentinin  sərəncam və tapşırıqlarına əsasən ölkəmizdə bu sahədə həyata keçirilən davamlı islahatların uğurlu nəticələridir.  Bundan əlavə sahənin inkişafı üçün “Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks tədbirlər planı” təsdiq edilmiş və uğurla icra olunmuş, «Bitkilərin genetik ehtiyatlarına dair» Dövlət Proqramı, «Ətraf mühitin mühafizəsi üzrə» Milli Fəaliyyət Planı, «Ekoloji cəhətdən dayanaqlı sosial-iqtisadi inkişafa dair» Milli Proqram və digər proqramlar qəbul edilərək həyata keçirilməkdədir.

Xüsusən 24 mart 2006-cı il tarixində  təsdiq edilmiş «Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və Fəaliyyət Planı» özündə bir sıra öhdəlikləri, o cümlədən, bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi, prioritet ekosistemlərin müəyyən edilməsi, səhralaşma problemlərinin aradan qaldırılması kimi  istiqamətlər üzrə işlərin aparılmasına ciddi təkan vermişdir. Sərəncamın 1.1.3-cü bəndinə əsasən “Qırmızı Kitab”ın II nəşrinin çapı nəzərdə tutulmuşdur.

Beynəlxalq təcrübəyə görə növlərin qorunmasının effektiv üsullarından biri “Qırmızı Kitab”ın təsis edilməsidir. Hələ 1977-ci ildə Azərbaycanın flora və faunasının genofondunun mühafizəsi üçün Azərbaycan Respublikası “Qırmızı Kitab”ının təsis edilməsinə dair qərar qəbul etmişdir.

Hazırda Azərbaycan  Respublikasının «Qırmızı Kitab»ı  «Heyvanlar aləmi haqqında»  Azərbaycan  Respublikasının  1999-cu  il 4 iyun tarixli, 675-İQ nömrəli  və  «Ətraf mühitin  mühafizəsi  haqqında» Azərbaycan Respublikasının 1999-cu il 8 iyun tarixli, 678-İQ  nömrəli qanunlarına əsasən aparılır. Mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində təbii şəraitdə yaşayan, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan heyvan və bitki növləri xüsusi mühafizə edilir və Azərbaycan Respublikasının «Qırmızı Kitab»ına daxil edilir. Azərbaycan Respublikasının «Qırmızı Kitab»ı rəsmi  sənəd olmaq etibarilə, Azərbaycan Respublikasının bütün ərazisində, o cümlədən  Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində heyvan və bitki növlərinin (yarımnöv, populyasiyalar) vəziyyəti, yayılması və mühafizəsi tədbirləri haqqında məlumatları özündə əks etdirir.

Ölkəmizdə bitki və heyvanat aləminin mühafizəsi, həm ölkə qanunvericiliyində, həm də 1989-cu ildə çap edilmiş Azərbaycan SSR-in bitki və heyvanlarının “Qırmızı Kitab”ının I nəşrində təsbit edilmişdir. Bura alimlər tərəfindən Azərbaycan florasında mühafizəsi tələb olunan 140, fauna üzrə isə 108 növ daxil edilmişdir.

Hazırda “Qırmızı Kitab”ın Redaksiya Heyəti və mütəxəssislər tərəfindən ölkəmizin müxtəlif təşkilatlarının nümayəndələri ilə əməkdaşlıqda müasir qorunma statusu qiymətləndirilmiş 300 bitki (266 ali və 20 ibtidai) və göbələk (14) növünü və 223 heyvan növünü ( 1 növ Oligochaeta, 1 növ Crustacea, 1 növ Mollusca, 71 İnsecta, 6 növ Amphibia, 14 növ Reptilia, 9 növ Pisces, 72 növ Aves, 42 növ Mammalia sinfinə aid olan)   əhatə edən Azərbaycanın “Qırmızı Kitabı”nın II nəşri yenidən işlənilmişdir.

“Qırmızı Kitab”ın tam formalaşdırılması son illər ərzində aparılan fəal tədqiqat işləri hesabına mümkün olmuş, ölkəmizin müxtəlif elmi və dövlət, həmçinin qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə əməkdaşlıqda müasir qorunma statusu qiymətləndirilmiş fauna və flora növlərini əhatə edən Azərbaycanın “Qırmızı Kitabı”nın II nəşri yenidən işlənilərək ərsəyə gəlmişdir.

Nadir və nəsli kəsilməkdə olan növlərin tədqiqi üzrə mütəxəssislər tərəfindən intensiv monitorinqlər keçirilmiş, onların beynəlxalq səviyyədə müasir qorunma meyarları müəyyənləşdirilmişdir. Bu nəşrdə ilk dəfə olaraq təbiəti mühafizə baxımından təsvir edilmiş nadir və nəsli kəsilmiş növlərin beynəlxalq səviyyədə qəbul olunmuş meyarlara görə (IUCN, 2001) qiymətləndirilməsi həyata keçirilmişdir.

Azərbaycan Respublikasının “Qırmızı Kitabı”nın 2-ci nəşrinin layihəsi aidiyyatı mütəxəssislərin və vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında yaradılmış İctimai Ekoloji Şurada geniş müzakirə edilmişdir. Xüsusən, nəslinin kəsilmə təhlükəsi olması səbəbindən 1989-cu ildə nəşr olunmuş “Qırmızı Kitab”a adları daxil edilmiş, lakin keçən müddət ərzində aparılmış mühafizə və bərpa tədbirləri nəticəsində sayında əhəmiyyətli artım qeydə alınan növlərin adının (məsələn, qonur ayı, ceyran və s.) yeni “Qırmızı Kitab”a salınmamasına dair təkliflər ciddi müzakirə mövzusu olmuşdur. Bu növlərin ciddi mühafizə olunması üçün adlarının yeni “Qırmızı Kitab”da saxlanmasının əhaliyə şüuraltı siqnal olacağı nöqteyi-nəzərindən, bu arqument müzakirələrdə üstünlük təşkil etmişdir.

 “Azərbaycanın Qırmızı Kitabı”nın 2-ci nəşrinə münasibətdə  şübhəsiz ki, bir sıra elmi fikir müxtəliflikləri də ola bilər. Buna baxmayaraq, beynəlxalq təcrübəyə əsasən Qırmızı kitablar mütəmadi olaraq dəqiqləşdirilməli və yenidən nəşr edilməli olduğundan, redaksiya heyəti hazırkı kitabın təkmilləşdirilməsi üzrə həm əlavə növlərin daxil edilməsi ilə siyahının dəyişdirilməsi və dolğunlaşdırılması, həm də konkret faktiki materiallar əlavə edilməklə onun strukturunun yaxşılaşdırılması baxımından alimlər və praktiklər tərəfindən konkret təkliflərin veriləcəyini gözləyir.

Hazırki Kitabın tərtibində zəhməti olmuş redaksiya üzvləri və müəllif heyətinə dərin minnətdarlıq hissi ilə,  Qırmızı Kitabın yeni nəşrinin respublikanın nadir və nəsli kəsilməkdə olan bioloji müxtəliflik aləminin mühafizəsinə, onun öyrənilməsi və qorunub saxlanılmasına dərin töhfə verəcəyinə ümid bəsləyirik.

                                                                 

Hüseynqulu Bağırov                                                    Cəlal Əliyev

Ekologiya və Təbii Sərvətlər Naziri,                         AMEA-nın həqiqi üzvü

 professor